Tarixi, ədəbi mənbələr hələ IV-V əslərdə müxtəlif ölkələrdə topla oyunun mövcudluğu barədə məlumat veriblər. Arxivlərdən belə məlumatlar da tapılmışdır ki, daha qədim dövrlərdə müxtəlif xalqlar ayaqla top oynamışlar: məsələn, Qədim Romada, Böyük Novqorodda, orta əsrlərdə Fransada və İtaliyada.
Lakin o oyunlar indiki futbola çox az oxşamışdır. Futbolun vətəninin İngiltərə olduğunu düşünənlər çoxdur. Amma, müasir futbola çox oxşayan oyun 2000 il əvvəl Çində mövcud imiş. Bu oyun tsu-cu adlanırdı. Bu oyun içinə quş tükü doldurulmuş dəri topla oynanırdı. Topa yalnız əllə toxunmaq olmazdı, əldən başqa bütün bədən üzvləri ilə toxunmaq, vurmaq mümkün idi. Müasir terminlə desək,daha çox qol vuran qalib olurdu. Qapılar dirəklərdən və tordan düzəldilən müasir futbol qapılarına çox oxşayırdı. Fərq onda idi ki,torun ortasında diametri təxminən 30 santimetr olan deşik olurdu və topu məhz həmin deşikdən keçirmək lazım idi. Komandalarda 2-dən 16-ya qədər oyunçu ola bilərdi.
Tsu-cunun bir neçə variantı vardı. Bir varinatda rəqib komandalar topu qovub rəqibin torundan keçirməli idilər. Bəzən komandaların hər birinin yan-yana bir neçə qapısı olurdu. Bəzən isə komandalar kontaktda olmurdu. Qapı ortada quraşdırılırdı və hər bir komanda onu meydanın özünə aid hissəsindən vurub tordan keçirməyə çalışırdı. Tsu-cunun adı ilk dəfə milladdan əvvəl 3-cü əsrə aid mənbədə çəkilir. «Tsu” – topu vurmaq, „cu” isə içi doldurulmuş dəri deməkdi. İlk dövrlərdə əsgərlər üçün təmrinlərdən olan bu oyun daha sonra zadəganlar arasında da dəb düşmüş, nəhayət saraya yol tapmışdı. Hətta Sonq sülaləsindən olan imperator Taizu özü də tsu-cu oynayardı. Bu oyun bayramların, festivalların da ayrılmaz hissəsi idi.
Tsu-cu 17-ci əsrdən başlayaraq Çində populyarlığını itirib. Bu oyun müasir futbola çox oxşadığına görə, Çin futbolun vətəni də sayıla bilər. Təsadüfi deyil ki, 2004-cü ildə FİFA rəsmisi bildirmişdi ki, tsu-cu müasir futbolun sələfləri arasında ən qədimidir.
1863-cü ilin oktyabrında Londonda top oyunu həvəskarları toplaşırlar. Onlar arasında mübahisə gedir: futbolu "yalnız ayaqla" oynasınlar, yoxsa "ayaq və əllə"? "Yalnız ayaqla" oyun tərəfdarları öz ittifaqlarını yaradırlar. Bu ittifaq da oyunun ilk qaydalarını işləyib-hazırlayırlar. Həmin qaydalar heç də mükəmməl deyildi və bir neçə onillik ərzində ona əlavələr oldu, dəyişikliklər edildi.
Hakim meydana fit ilə yalnız 1878-ci ildə çıxmışdır. Həmin vaxta qədər hakim meydandan kənarda otururdu və oyunçular ona müraciət etdikdə onların mübahisələrini həll edirdi. Onbirmetrlik cərimə zərbəsi (penalti) 1891-ci ildən oyunun qaydalarına daxil edilmişdir. 1926-cı ildən isə birbaşa küncdən zərbə ilə vurulan qolları da hesaba almağa başlamışlar.

No comments:
Post a Comment